MƏDƏNİYYƏT
Azərbaycanın işğal edilmiş ərazilərində turizm infrastrukturuna dəymiş zərər haqqında məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı layihə icra olunur
Bakı, 15 sentyabr (AZƏRTAC). “Qadınlar Sülh və Ekoloji Təmizlik Uğrunda” İctimai Birliyi “İşğal edilmiş ərazilərdə turizm infrastrukturuna dəymiş zərər haqqında məlumatların yerli və beynəlxalq təşkilatlara çatdırılması” layihəsinin icrasına başlamışdır.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və “Turizm İli “çərçivəsində həyata keçirilən layihənin məqsədi Azərbaycanın işğal altında olan ərazilərinin turizm potensialı, ermənilərin bu rayonların təbiətinə və tarixi abidələrinə qarşı həyata keçirdiyi soyqırımı barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.
Artıq erməni qəsbkarlarının işğal etdikləri Azərbaycanın ərazilərində ekoloji tarazlığın pozulmasına yönəlmiş çirkin əməllərinin, dağıdılan tarixi abidələrimiz barədə geniş məlumatların yer alacağı veb-sayt yaradılmışdır. Saytda (www.tariximiz.com) Azərbaycanın zəbt edilmiş rayonlarında təbiətin və tarixi abidələrimizin işğaldan əvvəlki və sonrakı vəziyyəti göstərilmiş, erməni vandalizmi barədə materiallar yer almışdır.