SİYASƏT


Azərbaycanın işğalçı Ermənistan üzərində Qələbəsinin əsasında Prezident İlham Əliyevin bütün sahələrdə apardığı davamlı və düşünülmüş siyasət dayanır

Bakı, 14 fevral, AZƏRTAC

Yəqin ki, hər kəs Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı tarixi çıxışını xatırlayır. 2019-cu il oktyabrın 3-də ən mötəbər qonaqların və Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi həmin iclasda Prezident İlham Əliyev böyük diplomatik qətiyyət və cəsarət nümayiş etdirərək “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini işlətdi. Əslində, bununla dövlətimizin başçısı Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və dünya birliyinin də bunu dəstəklədiyini bir daha vurğuladı. Məhz bu görüşdən sonra “Qarabağ Azərbaycandır!” ifadəsi ölkəmizdə dillər əzbəri oldu və 44 günlük hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda əsas şüara çevrildi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib.

V.Əhmədov qeyd edib ki, “Valday”dan bir neçə gün sonra – oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabad MDB dövlət başçılarının iclasında iştirak etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın və MDB-nin digər ölkələrinin dövlət başçılarının da iştirak etdikləri görüşdə Prezident İlham Əliyev Ermənistanın faşizm və nasizm üzərində qurulmuş siyasətini faktlarla ifşa etdi. Üzv ölkələrin rəhbərlərinin diqqətinə çatdırdı ki, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulub və Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib, hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur. Bununla Prezident İlham Əliyev Ermənistanın əsl işğalçı mahiyyətini, MDB məkanında və beynəlxalq səviyyədə faşizmi və nasizmi təbliğ edən şər qüvvə olduğunu diqqətə çatdırdı.

“Sözsüz ki, dövlətimizin başçısının diplomatik hücumları bununla bitmədi. Hər bir qələbənin arxasında uzunmüddətli strategiya və siyasi-diplomatik məharət dayanır. Azərbaycanın işğalçı Ermənistan üzərində hərbi qələbəsinin əsasında sözsüz ki, dövlətimizin başçısının bütün sahələrdə apardığı davamlı və düşünülmüş siyasət dayanır. Xüsusən Prezident İlham Əliyevin diplomatik sahədə uğurlu gedişlər etməsi, uzun illər bağlı qapılan arxasında dövlət başçılarının danışıqlarının artıq açıq müstəvi olan debat formasına keçməsi bu istiqamətdə gedən proseslərin sürətlənəcəyindən xəbər verirdi. Dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə kulminasiya hesab edilən diplomatik zərbəsi məhz 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirəsində oldu. Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən debatda dövlətimizin başçısının nümayiş etdirdiyi diplomatik qətiyyət, münaqişənin tarixi və Azərbaycanın haqq səsini beynəlxalq aləmə məharətlə çatdırması artıq 44 günlük müharibədə hərbi qələbənin və dəmir yumruğun əsasını qoymuş oldu”, - deyən İctimai Birliyin sədri qeyd edib ki, bu debatı izləyən hər kəs artıq Azərbaycanın qalib gəldiyi qənaətində idi, bircə bu qələbəni hərbi əməliyyatlarla rəsmiləşdirmək qalmışdı.

Azərbaycanın dövlət başçısı Ermənistan baş naziri ilə keçirilən debatda özünün müəllifi olduğu hücum diplomatiyasının bütün mümkün imkanlarından istifadə edərək düşmənə ciddi mənəvi-psixoloji zərbələr endirdi. Bu debatdan sonra artıq erməni cəmiyyətində ciddi məğlubiyyət sindromu yaşanırdı. Özünün yalançı demokratik imicinə güvənən Ermənistan baş naziri Nikol Paşinyan müdrik siyasi xadim və haqqa söykənən Prezident İlham Əliyevin səlis məntiqi, dilə gətirdiyi tutarlı tarixi faktlar qarşısında tab gətirə bilmədi, nəticədə öz arqumentləri ilə özünü dolaşdıran düşmən Qarabağın Azərbaycan olmasını dili dolaşaraq etiraf etdi.

Vüqar Əhmədov bildirib ki, bu diplomatik qələbədən sonra psixoloji və mənəvi üstünlüyə malik olan Azərbaycan cəmiyyətində işğal altındakı torpaqlarımızın Liderimizin sayəsində geri qayıdacağı günün uzaqda olmamasına dair əminlik yaranıb. Beləliklə, bu gün fəxr və qürur hissi ilə qeyd etdiyimiz 44 günlük müharibədə Qələbəni bizə bəxş edən Prezident İlham Əliyev öz diplomatik gedişləri ilə bunun üçün artıq siyasi zəmin yaratmışdı və məhz dövlətimizin başçısının sayəsində bu gün Azərbaycan həm hərbi, həm də siyasi-diplomatik müstəvidə Ermənistan üzərində böyük üstünlüyünü qoruyub saxlaya bildi. Bu, Prezident İlham Əliyevin geosiyasi reallıqları öz ölkəsinin milli maraqları baxımından düzgün dəyərləndirməsi və qətiyyətli bir Lider olmasından irəli gəlir. Məhz Prezident İlham Əliyevin bütün bu uğurlu, ardıcıl, hədəfə yönəlmiş diplomatik gedişləri bugünkü reallığın yaranmasına və Azərbaycanın uzun illər işğal altında qalan torpaqlarını azad etməsinə gətirib çıxardı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.