REGİONLAR
“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı” mövzusunda III Beynəlxalq yay məktəbi keçiriləcək
Gəncə, 4 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əvvəlki illərdə keçirilmiş beynəlxalq yay məktəblərinin ölkənin aqrar potensialının təbliğində rolunu və 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsini nəzərə alaraq, iyulun 17-27-də “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı” mövzusunda III Beynəlxalq yay məktəbi təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrini təmsil edən tələbələrini bir araya gətirməklə, onları işğaldan azad olunmuş ərazilərə dəyən zərərlər və burada aqrar potensialın bərpası istiqamətində görülən işlərlə yaxından tanış etməkdir.
Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, “Aqroturizm”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafı, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi, mədəniyyəti, burada aparılan abadlıq-quruculuq işlərinə dair mühazirələr dinləniləcək.
Proqram çərçivəsində iştirakçıların respublikanın müxtəlif bölgələrinə, işğaldan azad olunmuş ərazilərdə aqrar layihələrin icra olunduğu yerlərə, habelə Şuşa şəhərinə səfərləri təşkil olunacaq.