REGİONLAR


Azərbaycanın istiqlal yolunun ilk zirvəsi - 20 Yanvar

Astara, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Samux, Zərdab və Yardımlı Rayon Heydər Əliyev mərkəzlərinin, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara şəhər 1 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatının məsləhətçisi Rübabə Muradova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Xədicə Əliyeva mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinə qanla yazılmış səhifədir. Eyni zamanda, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. 1990–cı ilin 20 Yanvar günü uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda ayağa qalxdığı şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

O müdhiş günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin qınadı, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu təbəqədən olan insanların sosial təminatını yaxşılaşdırmaq məqsədilə ardıcıl tədbirlər görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.