MƏDƏNİYYƏT


Azərbaycanın iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfrans keçirilib

Daşkənd, 2 dekabr, АZƏRTAC

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Yusif Xas Xacibin “Qutadğu bilig” və bu əsərin öyrənilməsinin aktual problemləri” adlı beynəlxalq onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Şərq ədəbiyyatının bu qədim və misilsiz nümunəsinin 950 illiyinə həsr edilən konfransda Özbəkistandan əlavə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, İran və Misirin alimləri iştirak edib.

Ölkəmizi bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.

Özbəkistan ali və orta təhsil nazirinin müavini Uzakboy Beqimkulov, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Türkiyənin Özbəkistandakı səfiri Mehmet Surayya Er, həmçinin Hüseyn Quliyev və başqaları təbrik nitqi söyləyiblər.

Ramiz Əskərin “Qutadğu bilig”in biblioqrafiyası”, Elçin İbrahimovun “Türk dünyasında dil siyasətinin meydana gəlməsində əsərlərin rolu: “Qutadğu bilig”in araşdırılması tarixi” mövzularındakı məruzələri maraqla dinlənilib.

Konfransda deyilib ki, qədim türk yazılı ədəbiyyatının misilsiz abidəsi olan “Qutadğu bilig” əsərində kamil insan, dövlət və ictimai idarəetmə sistemi, bilik almağın əhəmiyyəti, mənəviyyat, mədəniyyət, fəlsəfə anlayışları, uşaqların tərbiyəsi haqqında fikirlər və mülahizələr birləşdirilib.

Alimlər əsərin poetikasından, dünyəvi əhəmiyyətindən, dil və üslub xüsusiyyətlərindən, mətnlərin tədqiqatından, Yusif Xas Xacibin irsindən, Şərq sivilizasiyasının inkişafından, klassik irsin öyrənilməsi sahəsində yeni mütəxəssis nəslinin yetişdirilməsindən, dünya şərqşünaslıq elmi qarşısında duran vəzifələrdən söhbət açıblar.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.