İQTİSADİYYAT


Azərbaycanın iştirakı ilə Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” müzakirə olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Polşanın paytaxtı Varşavada “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq Konfransın V sessiyası keçirilib. Sessiyada Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan 23 ölkənin nümayəndə heyətləri, həmçinin DYƏT Komitəsinin, Avropa Birliyinin və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı bu tədbirdə QSC-nin hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Heyət tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin böyük məsləhətçisi Ayxan Əlməmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin hüquq şöbəsi müqavilələr bölməsinin rəisi Türkan Yusibova daxil idilər.

Tədbir gündəliyi çərçivəsində Polşa infrastruktur nazirinin müavini Andjey Bittel Konfrans sədrinin müavini vəzifəsinə seçilib.

Sessiyada Konvensiyanın əsas mətninin müzakirəsi davam etdirilib. Müzakirələr nəticəsində Konvensiya layihəsinin 39–49-cu maddələrinin mətni qəbul edilib.

Azərbaycan nümayəndə heyəti sessiyada müzakirəyə çıxarılan Konvensiya maddələrinə dair bir sıra təkliflər irəli sürüb. Digər nümayəndə heyətləri həmin təkliflərin bir çoxunu dəstəkləyib və onlar Konvensiyanın əsas mətninə daxil olunub.

Tədbirdə Beynəlxalq Konfransın VI sessiyasının tarixi və gündəliyi də müzakirə olunub. Növbəti sessiyanın 2019-cu il martın 25-29-da Varşavada keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.