İQTİSADİYYAT
Azərbaycanın ixrac missiyasının Dubaya səfəri başa çatıb
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın ixrac missiyasının Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə səfəri başa çatıb. Səfər İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunub və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib.
Səfər zamanı Azərbaycan iş adamları "Carrefour", "Spinneys", "Union Co-op" kimi iri marketlər şəbəkələrində və "Al Aweer" meyvə-tərəvəz mərkəzində olub, Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı, distribüterlik, yerli məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracı və s. məsələlər barədə müzakirələr aparılıb. Dubay tərəfi Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş və məhsulların bu ölkənin tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri əməkdaşlıq üçün ölkəmizə dəvət edilib.
Qeyd edək ki, Azərbaycanın ixrac missiyalarının müxtəlif ölkələrə səfəri "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə həyata keçirilir. İndiyədək Çin və Birləşmiş Ərəb Əmirlikləri olmaqla iki ölkəyə Azərbaycanın ixrac missiyası göndərilib və bu, davam etdiriləcək.