ELM VƏ TƏHSİL
Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri öyrənilib
Bakı, 4 iyun, AZƏRTAC
Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin “Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” monoqrafiyası çap edilib.
Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, rəyçiləri akademik Validə Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev olan monoqrafiya 5 fəsildən ibarətdir. Kitabda çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif bölgələrində yayılmış və Abşerona introduksiya edilmiş iynəyarpaqlıların taksonomik tərkibi, geobotaniki xüsusiyyətləri, təbii bərpa prosesi müəyyənləşdirilib. Yaşıllaşdırılma məqsədilə rayonlaşdırılması aparılıb, onların fenoloji, fitopotoloji, reproduktivlik, böyümə və inkişaf xüsusiyyətləri öyrənilib. Abşeron yarımadasına introduksiya olunmuş şam və sərv növlərinin hərfi-rəqəmsal politomik təyinat açarı tərtib edilib. Qafqazda və qonşu regionlarda yayılmış bəzi iynəyarpaqlı bitki növlərinin taksonomik statusunun təyini ilə bağlı ilkin nəticələr əldə olunub.
Yeni nəşr botaniklər, ekoloqlar, təbiəti mühafizə təşkilatlarının işçiləri, biologiya, ekologiya və kənd təsərrüfatı üzrə müəllim və tələbələr üçün nəzərdə tutulub.