İQTİSADİYYAT
Azərbaycanın keçən il Türkiyə və Gürcüstana satdığı təbii qaz həcmləri açıqlanıb
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycanın ötən il Türkiyə və Gürcüstana satdığı təbii qaz həcmləri açıqlanıb.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, il ərzində ölkəmizdən Türkiyəyə 11,1 milyard kubmetr (4,7 milyard kubmetri TANAP, qalanı isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə), Avropaya 0,01 milyard kubmetr (bu həcm boru kəmərinə sınaq məqsədilə vurulub), Gürcüstana Bakı-Tbilisi-Ərzurum kəməri ilə 0,9 milyard kubmetri “Şahdəniz”dən, qalanı SOCAR-dan olmaqla ümumilikdə 1,1 milyard kubmetr, Qazıməmməd-Qazax qaz kəməri ilə isə Gürcüstana əsasən SOCAR-dan olmaqla 1,2 milyard kubmetr qaz göndərilib.
Qeyd edək ki, keçən il Azərbaycandan xaricə qaz satışı 13,5 milyard kubmetr təşkil edib. Əvvəlki illə müqayisədə qaz satışı 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.
Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına illik 10 milyard kubmetr yeni qaz tədarükünün həyata keçirilməsi üçün qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.