İQTİSADİYYAT


Azərbaycanın kənd təsərrüfatı məhsulları 30 ölkəyə ixrac edilir YENİLƏNİB

Bakı, 15 noyabr, Ramiz Quliyev, AZƏRTAC

Son illər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri- dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi və digər tədbirlərin həyata keçirilməsi sayəsində ciddi addımlar atılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri qurumun rəhbəri Camal Quliyev "Fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə fitosanitariya sahəsində beynəlxalq standartların təmin edilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Qeyd olunub ki, tədbirin əsas məqsədi sahibkarlara fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericiliyin aşılanması, zərərli orqanizmlərlə mübarizənin təşkili, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikatlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlili zəruriliyi barədə məlumatların verilməsi və bu sahədə dəstəyin göstərilməsindən ibarətdir.

Xidmət rəisi vurğulayıb ki, son illər ölkədə meyvə-tərəvəzin istehsalı 50 faiz artıb. Azərbaycan bir çox ənənəvi bazarlarda mövqeyini qoruyub saxlayıb. Əgər kənd təsərrüfatı məhsulları 2015-ci ildə 15 ölkəyə ixrac olunurdusa, hazırda bu məhsullar 30 ölkəyə göndərilir.

C.Quliyev respublikanın 11 regionunda aqrokimya və karantin-ekspertiza laboratoriyalarının, eləcə də, nəzarət-toksikologiya laboratoriyasının funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və onun əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanda sağlam və keyfiyyətli məhsul bolluğunun olduğunu, fitosanitar karantin tələblərinə ciddi əməl edildiyini diqqətə çatdıraraq, bu sahədə çalışan əməkdaşlara uğurlar diləyib.

Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev ölkə başçısının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan aqrar islahatların real nəticələr verdiyini və bu sektorda fəaliyyət göstərən sahibkarların kəmiyyət və keyfiyyət baxımından ciddi şəkildə artdığını vurğulayıb, istixana sektorunun aqrar sahədəki rolundan və əhəmiyyətindən söz açıb. O, həmçinin əlavə edib ki, ölkəmizdə hazırda ciddi ixrac potensialı yaradılıb.

Tədbirdə Bakı-Abşeron, Aran və Cənub bölgələrinin ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.