İQTİSADİYYAT


Azərbaycanın liderliyi ilə gerçəkləşən iqtisadi layihələrin bünövrəsini “Əsrin müqaviləsi” təşkil edir

Ankara, 21 sentyabr, AZƏRTAC

“Əsrin müqaviləsi”nin imzalanması bütün sahələr üzrə Azərbaycanın dünya birliyinə inteqrasiyası və xalqın rifahının yüksəlməsi baxımından tarixi bir dönüş nöqtəsidir. Bundan 23 il sonra “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddətinin 2050-ci ilə qədər uzadılması bir daha “Əsrin müqaviləsi”nin nə qədər düzgün qərar əsasında imzalandığını və tarixi əhəmiyyət daşıdığını təsdiqlədi.

Bu fikri AZƏRTAC-a müsahibəsində enerji iqtisadiyyatı üzrə ekspert, Türkiyənin Boğaziçi Universiteti Enerji Siyasəti Araşdırma Mərkəzinin prezidenti, professor Gürkan Kumbaroğlu söyləyib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum xətlərinin iqtisadi gücünün əvəzsiz olduğunu diqqətə çatdıran professor bildirib ki, Azərbaycanın neft və qaz ehtiyatlarının Türkiyədən nəql edilməsi iki qardaş ölkənin iqtisadi inkişaf şəraitini genişləndirməklə yanaşı, siyasi proseslərə təsir imkanlarını da artırıb.

Professor Gürkan Kumbaroğlu deyib: “TANAP-ın istifadəyə verilməsi ilə əslində enerjinin “İpək yolu” həyata vəsiqə qazanıb. Bu isə o deməkdir ki, ötən yüzilliyin beynəlxalq iqtisadi layihəsi hesab olunan “Əsrin müqaviləsi” XXI əsrin iqtisadi layihələrinin də bünövrəsinə çevrildi. Bu layihələrin hər biri təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə Avrasiyanın enerji təhlükəsizliyinin təmin olunmasında əsaslı vasitədir. Bir sözlə, Azərbaycanın liderliyi ilə gerçəkləşən bütün iqtisadi layihələrin bünövrəsini “Əsrin müqaviləsi” təşkil edir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.