İQTİSADİYYAT
Azərbaycanın mebel bazarının illik həcmi 300-500 milyon manat təşkil edir
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanda Mebel İstehsalçıları Assosiasiyasının yaradılması bu sahənin inkişafına müsbət təsir edəcək və idxaldan asılılığı azaldacaq. Azərbaycanın mebel bazarının illik həcmi 300-500 milyon manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov oktyabrın 28-də Bakıda keçirilən “Qeyri-neft sənaye sahələrinin inkişafı: mebel sənayesi” mövzusunda tədbirdə bildirib.
Nazir müavini ölkəmizdə qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, sənayeləşmə siyasətinin həyata keçirilməsi nəticəsində son illər yüzlərlə innovativ və müasir texnologiyalara əsaslanan sənaye müəssisələri fəaliyyətə başlayıb. Həmçinin yeni rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı artıb.
Tədbirdə idxal olunan komponentlərin yerli istehsalçıları tərəfindən istehsalının təşkili ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, mebel istehsalında lazım olan bir sıra komponentlər xaricdən gətirilir. İdxal komponentlərinin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında əlaqələr genişləndirilməlidir.
“Embawood” MMC, “Saloğlu” MMC və “Foriella” MMC müəssisələrinin nümayəndələri mebel istehsalının genişləndirilməsi imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində “Foriella” MMC-yə Balaxanı Sənaye Parkının rezidenti statusunu təsdiq edən şəhadətnamə təqdim olunub.
Tədbirdə qeyri-neft sənayesinin müxtəlif sahələrində, o cümlədən mebel istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsi iştirak edib.