MƏDƏNİYYƏT


Azərbaycanın mədəniyyət naziri Abu-Dabi Luvr muzeyinin açılış mərasimində iştirak edib

Abu-Dabi, 9 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr muzeyinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.

AZƏRTAC xəbər verir ki, Abu-Dabinin vəliəhdi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan qonaqları qarşılayaraq, dəvəti qəbul etdiklərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkürünü bildirib.

Tədbirdə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri ilə yanaşı, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər iştirak ediblər.

BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Raşid bin Məhəmməd Əl Məktum Abu-Dabi Luvr muzeyinin açılmasının ərəb dünyasında bir ilk olduğunu qeyd edib. O, muzeydə eramızdan əvvəlki dövrlərdən müasir tariximizin müxtəlif mərhələlərinə aid eksponatların nümayiş olunduğunu bildirib.

Fransa Prezidenti Emmanuel Makron muzeyin Yaxın Şərqdə, eləcə də ərəb dünyasındakı əhəmiyyətindən danışaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa, tolerantlıq və dünyəvilik kimi dəyərlərə xüsusi diqqət yetirən BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib. O, muzeyin açılmasının İslam və ərəb dünyası ilə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində nazir Ə.Qarayevin BƏƏ-dən olan həmkarı Rim Əl-Kəabi ilə görüşündə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.