RƏSMİ SƏNƏDLƏR


“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci, 2.2-ci, 4.4-cü, 5.1-ci maddələrində, 5.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 5.4-cü maddəsində, 5.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 5.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 5.9-cu maddəsinin ikinci cümləsində, 5.11-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.12-ci maddəsinin birinci (hər iki halda) cümləsində, 5.13-cü maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci, 7.4-cü (hər iki halda) maddələrində, 7.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 8.3-cü, 9.2-ci, 10.1-ci, 10.4-cü, 11.1-ci, 11.3-cü, 12.1-ci, 13.1-ci, 13.3-cü və 13.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.3-cü və 13.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 2.2-ci, 4.4-cü maddələrində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.12-ci maddəsinin birinci cümləsində (ikinci halda), 5.13-cü maddəsinin ikinci cümləsində, 7.1-ci, 8.3-cü və 10.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1.2-ci, 5.1-ci maddələrində, 5.3-cü maddəsinin birinci cümləsində, 5.4-cü maddəsində, 5.5-ci maddəsinin birinci cümləsində, 5.6-cı maddəsinin birinci cümləsində, 5.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 5.9-cu maddəsinin ikinci cümləsində, 5.11-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.12-ci maddəsinin birinci cümləsində (birinci halda), 5.13-cü maddəsinin birinci cümləsində, 7.4-cü (hər iki halda) maddəsində, 7.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 9.2-ci, 10.4-cü, 11.1-ci, 11.3-cü və 12.1-ci maddələrində “orqan (qurum)” dedikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;

1.5. həmin Qanunun 5.5-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Milli Elmlər Akademiyası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. həmin Qanunun 2.2-ci maddəsinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini müəyyənləşdirib təsdiq etsin;

2.1.3. həmin Qanunun 4.4-cü maddəsinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.1.4. həmin Qanunun 5.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, habelə təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.5. həmin Qanunun 5.12-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqavilələrinin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.6. həmin Qanunun 5.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.7. həmin Qanunun 8.3-cü maddəsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.8. həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.9. həmin Qanunun 13.2-ci və 14-cü maddələrinə uyğun olaraq, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2021-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri