SİYASƏT
Azərbaycanın media təmsilçiləri Anadolu Agentliyində olublar
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkəmizin aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Ankara şəhərinə səfəri davam edir.
KİVDF-dən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinin növbəti görüşü Anadolu Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar.
Anadolu Agentliyinin baş direktorunun müavini Metin Mutanoğlu təmsil etdiyi qurumun Azərbaycan KİV-ləri ilə əlaqələri və bu istiqamətdə yeni planları barədə məlumat verib. O, Anadolu Agentliyi ilə AZƏRTAC arasındakı sıx əməkdaşlığı və müştərək proqramları nümunə göstərərək media qurumlarının qarşılıqlı fəaliyyət göstərmələrinin ölkələrimiz üçün ciddi töhfələr verə biləcəyini qeyd edib.
Görüşdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-lərin durumu və Fondun fəaliyyəti barədə məlumat verib. O, hər iki ölkənin media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Səfər dekabrın 1-də başa çatacaq.