CƏMİYYƏT


Azərbaycanın media təmsilçilərinin Ankaraya səfəri davam edir

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfər proqramı davam edir.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin üzvləri Türkiyə Radio və Televiziya Üst Qurumunda (RTÜK) olub. RTÜK-ün sədri İlhan Yerlikaya rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, həmçinin RTÜK-ün Azərbaycanda müvafiq qurumlarla əlaqələrindən bəhs edərək münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. O, Türkiyənin və Azərbaycanın media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.

Nümayəndə heyətinin üzvləri Türkiyə Siyasi, İqtisadi, Sosial Araşdırmalar Fondunun (SETA) təşkil etdiyi "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı" mövzusunda müzakirələrə də qatılıb və münasibətlərin inkişafında medianın oynadığı rol barədə fikirlərini çatdırıblar.

Səfər çərçivəsində növbəti görüş Türk İşbirliyi və Koordinasiya Agentliyində (TİKA) baş tutub. TİKA-nın rəhbəri Sərdar Çam və müavini Birol Çetin görüşdə agentliyin müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat veriblər.

Vüqar Səfərli KİVDF-nin TİKA ilə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

TİKA-nın rəhbəri və müavini əməkdaşlığın inkişafı üçün nümayəndə heyəti tərəfindən səsləndirilən təklifləri dəyərləndiriblər.

Səfər dekabrın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.