ELM VƏ TƏHSİL
Azərbaycanın məhsuldar neft qatının geologiyasına həsr edilən kitabın təqdimatı olub
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Produktivnaya tolsa Azerbaydjana” kitabının təqdimatı keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən hazırlanmış kitab 100 ildən artıq tədqiqat obyekti olan Azərbaycanın məhsuldar neft qatının geologiyasına həsr edilib.
Kitab Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, akademiklər İbrahim Quliyev, Əkbər Feyzullayev, akademik, ADNSU-nun professoru Pərviz Məmmədov, AMEA-nın müxbir üzvləri Elmira Əliyeva və Dadaş Hüseynovun birgə əməyi sayəsində kompleks tədqiqat nəticəsində ərsəyə gəlib.
Tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova kitabxana haqqında ətraflı məlumat verib. Sonra kitabın müəlliflərindən akademiklər Pərviz Məmmədov və Əkbər Feyzullayev, professor Qafar İsmayılov çıxış edərək təqdim olunan kitab barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, kitab 2 cilddən, 16 fəsildən ibarət fundamental elmi monoqrafiyadır və kollektiv tərəfindən Dövlət mükafatına təqdim olunub.