ELM VƏ TƏHSİL
Azərbaycanın məruz qaldığı itkilərin dəqiqləşdirilməsi soyqırımı tariximizin araşdırılmasına xidmət edəcək
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov deyib: “Son illər institutda ermənilərin türk-müsəlman əhaliyə və digər xalqlara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılıb, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb”.
İclasda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya tarixçi-alim Vasif Qafarovun ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların vahid bir rəqəm halına gətirilməsi ilə bağlı müraciəti geniş müzakirə olunub.
Yaqub Mahmudov qeyd edib ki, ermənilər onlara qarşı qondarma “soyqırımları” ilə bağlı saxta rəqəmlər uyduraraq bunu bütün dünyaya sırıyırlar. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Bu sərəncam tarixçi-alimlər qarşısında ciddi vəzifələr qoyur. Həm Prezidentin Sərəncamını, həm də Birinci vitse-prezidentə ünvanlanmış müraciəti əsas götürərək, tarixçi-alimlərimiz ciddi tədqiqatlara başlamalıdırlar.
İclasda Vasif Qafarova tapşırılıb ki, itkilərlə bağlı tədbirlər planı hazırlasın və bir həftəyə elmi şuranın təsdiqinə versin.
Toplantıda qeyd olunub ki, soyqırımı zamanı Azərbaycanın məruz qaldığı itkilərin dəqiqləşdirilməsi həm soyqırımı tariximizin araşdırılmasına xidmət edəcək, həm də erməni yalanlarına qarşı tutarlı bir silah rolunu oynayacaq.
Yaqub Mahmudov bildirib ki, bu gün ən ümdə məqsəd əl-ələ verib Vətənə xidmət etməkdir.