ELM VƏ TƏHSİL
Azərbaycanın milli mədəniyyətinin formalaşmasında İslam dininin mühüm rolu var
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “İslam intibah dövründə Azərbaycanın maddi və mənəvi mədəniyyəti” mövzusunda növbəti elmi seminar keçirilib. Tədbir muzeyin arxeologiya elmi-fond şöbəsinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, muzey direktorunun müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında müvafiq Sərəncamını xatırladıb. O, mövzunun aktuallığından, elmi seminarın əhəmiyyətindən danışıb. N.Əliyeva İslam intibah dövründə Azərbaycanın maddi və mənəvi mədəniyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sonra arxeologiya elmi-fond şöbəsinin əməkdaşı Emin Məmmədov “İslam dünyasının intibahı: elm, memarlıq, incəsənəti” mövzusunda geniş məruzə ilə çıxış edib.
Elmi seminarda tarix üzrə fəlsəfə doktorları Nasir Quluzadə, Tural Şiriyev, Sevinc Vahabova, Zərifə Dulayeva, Aidə İsmayılova və digərləri mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda ölkəmizdə milli mədəniyyətin formalaşmasında İslam dininin mühüm rolu vurğulanıb.