CƏMİYYƏT
Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistandakı səfirliyində ölkəmizin milli mətbəxinin nümunələri təqdim olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Pakistandakı xarici ölkələrin səfirlərinin həyat yoldaşları, diplomatlar, eləcə də pakistanlılar iştirak ediblər.
Ölkəmizin Pakistandakı səfirinin həyat yoldaşı Təranə Fərhadova tədbirdə çıxış edərək Azərbaycanın hər bir bölgəsinin özünəməxsus təamlarının olduğunu qeyd edib, ölkəmizin qədim və zəngin mətbəxinin nümunələri, eləcə də onların hazırlanması qaydaları barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.
Daha sonra qonaqlar səfirlik tərəfindən hazırlanmış plov, dolma, Şuşa qəlyəsi, toyuq ləvəngi, qutab, dovğa, manqal salatı habelə Qarabağ kətəsi, Naxçıvan kökəsi, Şamaxı mütəkkəsi, Quba bükməsi, paxlava, şəkərbura və şorqoğalı dadıblar.
Tədbirdə, həmçinin milli mətbəximizin nümunələrindən olan dolmanın hazırlanması qaydaları iştirakçılara göstərilib.
Təqdim edilmiş yemək və şirniyyatlar qonaqlarda yüksək maraq və təəssürat yaradıb.
Tədbirdə, həmçinin ölkəmizin zəngin tarixi və mədəniyyətini, turizm potensialını əks etdirən çoxsaylı videoçarxlar da nümayiş olunub.