İQTİSADİYYAT
Azərbaycanın mobil rabitə bazarının 51,3 faizi “Azercell”i seçir
Bakı, 18 fevral, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycanın mobil rabitə bazarının 51,3 faizi “Azercell”i seçir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azercell Telekom” MMC-nin icraçı direktoru Vahid Mürsəliyev 2014-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.
Bildirilib ki, “Azercell”in şəbəkəsi ölkə əhalisinin 99,8 faizini əhatə edir. Ötən il abunəçilərin sayı 4,5 milyon nəfəri ötüb. Ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan “Azercell” 2014-cü ildə Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat və şirkət öz işçilərinin inkişafına 1,2 milyon manat həcmində sərmayə yatırıb. “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 faiz təşkil edib.
Qeyd olunub ki, “Azercell” son iki ildə öz şəbəkəsini 25 faiz gücləndirib. Bu dövrdə şirkət 169-dan çox 2G\3G Radio Baza Stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb. Bundan əlavə, mobil operator 3G şəbəkəsinin tutumunu rekord səviyyədə gücləndirərək ölkə üzrə 48 faizə, Bakıda isə 92 faizə çatdırıb.
“Azercell” Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə-58 “Ön masa” və “Azercell Ekspress” ofisləri, həmçinin 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir.
“Azercell” regionda və həmçinin ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də apardığı araşdırmalara görə bu gün şirkət ölkədə ən yüksək sürətli mobil internet xidmətini təklif edir. İl ərzində "Azercell"də mobil internetdən istifadə 65 faiz artıb.
Mətbuat konfransında qeyd olunub ki, müştəri məmnuniyyətinə önəm verən “Azercell” qarşıda gələn illərdə daha böyük nailiyyətlər qazanmaq niyyətindədir. 2015-ci ildə yeni kampaniyalar keçiriləcək. Sürətin və keyfiyyətin saxlanılması şərti ilə tarif endirimləri tətbiq olunacaq. “Azercell”in xidmət mərkəzləri genişlənəcək. Azərbaycan bazarında dünyanın ən son texnoloji yenilikləri təqdim olunacaq.