İQTİSADİYYAT
Azərbaycanın mobil rəqəmsal imza sahəsində təcrübəsi Sankt-Peterburq beynəlxalq konfransında təqdim edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Elektron idarəetmə və açıq cəmiyyət: Avrasiya çağırışı” (EGOSE 2014) mövzusunda beynəlxalq konfrans işə başlayıb. Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universiteti tərəfindən təşkil olunan konfrans noyabrın 20-dək davam edəcək.
Beynəlxalq konfransda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və “Asan İmza” mobil elektron imzanın yaradıcısı və operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe iştirak edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, konfransda “Mobil identifikasiya – mobil hökumətin açar elementi” mövzusunda təqdimatla çıxış etmiş Yana Krimpe ölkəmizdə elektron hökumət konsepsiyasının tətbiqi sahəsində əldə olunmuş uğurlardan bəhs edib və mobil telefonda elektron imza texnologiyası olan “Asan İmza” layihəsini təqdim edib. Mobil “Asan İmza” texnologiyası iştirakçıların böyük marağına səbəb olub və elektron xidmətlərin həyata keçirilməsində innovativ həllərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsi auditoriya tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın innovativ informasiya texnologiyaları brendi olan “Asan İmza” texnologiyası beynəlxalq miqyasda fəal surətdə təşviq edilir və hazırda bir sıra ölkələrə bu texnoloji məhsulun ixracı istiqamətində danışıqlar aparılır.