MƏDƏNİYYƏT


Azərbaycanın müasir incəsənət qalereyası “Start art” yarmarkasında iştirak edəcəkdir VİDEO

Bakı, 25 iyun (AZƏRTAC). “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyası “Prudential” Fondunun təşkil etdiyi ilk “Start art” yarmarkasında iştirak edəcəkdir. 

Londonun “Saatchi” sərgi salonunda keçiriləcək yarmarka “YAY!” Qalereyasının Böyük Britaniyada təşkil edilən birinci belə tədbiri olacaqdır.

“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Start art” silsilə tədbirlərinin birincisi iyunun 26-dan 29-dək Londonun “Saatchi” sərgi salonunda təşkil olunacaqdır. Birinci yarmarkada dünyanın ən perspektivli incəsənət bazarları və Asiya, Avropa qitələrindən, o cümlədən Böyük Britaniyadan, həmçinin ABŞ-dan olan aparıcı sərgi salonları bir araya gələcəklər.

“Saatchi” sərgi salonu və “Global Eye” proqramının əməkdaşlığı nəticəsində ərsəyə gətirilən “Start art” yarmarkası beynəlxalq səviyyədə gənc rəssamların dəstəklənməsi ilə məşğuldur. Bu yarmarka “YAY!” Qalereyası üçün mükəmməl inkişaf məkanı ola bilər.

Yarmarkanın əsas məqsədi formalaşan sərgi salonlarını və gənc rəssamları müəyyən məkanla təmin, habelə onların inkişafı üçün zəruri dəstək və tanınmalarını təşkil etməkdir. Yarmarka eksponentlərə öz rəssamlarını mədəniyyətlə maraqlanan tamaşaçılara dünyada məşhur olan məkanda təqdim etmək fürsətini verir.

“Saatchi” sərgi salonu gənc istedadların tanınmasına dəstəyi və onlara öz karyeralarının qurulması ilə bağlı özünəməxsus yanaşmasına görə seçilir. Belə yanaşma “Start art” proqramının özəyini təşkil edir. Tədbirin sponsoru qismində Asiya qitəsində gənc istedadları dəstəkləməsi ilə tanınan “Prudential” Fondu çıxış edir.

“Start art” yalnız 44 sərgi salonunun öz rəssamlarını təqdim edəcək məqsədli incəsənət yarmarkasıdır. Təqdimat ənənəvi incəsənət yarmarkalarının keçirildiyi formatdan daha çox muzey məkanına bənzər sahədə keçiriləcəkdir.

İyunun 25-də akkreditasiyadan keçmiş jurnalistlər üçün təqdimat olacaqdır.

“Saatchi” sərgi salonu York Hersoqunun malikanəsi, Kinqsroud, London, SW3 4RY ünvanında yerləşir. Bu yerə “Sloun” meydanı və ya “Viktoriya” metro stansiyasından çatmaq olar.

Yarmarkanın internet ünvanı www.startartfair.com

Yarmarka iyunun 26-da saat 10:00–21:00, iyunun 27-də saat 10:00–18:00, iyunun 28-də saat 10:00–20:00, iyunun 29-da 10:00–18:00 arası fəaliyyət göstərəcəkdir.

Birbaşa yerində ödənişlə böyüklər üçün birgünlük biletin qiyməti 20 funt, yaşı 65-dən yuxarı şəxslər üçün 17.50 funtdur. Əvvəlcədən qeydiyyat əsasında isə böyüklər üçün birgünlük biletin qiyməti 17.50 funt, yaşı 65-dən yuxarı olanlar üçün 15 funtdur.

Yarmarkaya giriş 16 yaşadək tamaşaçılar üçün pulsuzdur.

2012-ci ildə “YARAT” Müasir İncəsənət Məkanının Qafqazda yerli müasir incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi nəticəsində təsis olunan “YAY!” Qalereyası incəsənət sahəsində beynəlxalq dialoqu dəstəkləyir və əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlar arasında bölüşdürür.

Gənc rəssamlardan Fərhad Fərzəliyev və Nəzrin Məmmədovanın əsərlərini təqdim etməklə “YAY!” Qalereyası 1991-ci ildən bu günədək müstəqil Azərbaycanın ilk rəssamlar nəslini geniş ictimaiyyətə nümayiş etdirir.

Son onilliklər ərzində Azərbaycanda mədəniyyətin sürətli inkişafını və estetik dəyişiklikləri əks etdirən “YAY!” Qalereyasının stendi Azərbaycanın keyfiyyətcə yeni və püxtələşən müasir incəsənət səhnəsinin sirlərini açır.

Fərhad Fərzəliyevin 2014-cü ildə hazırladığı “Nənənin lüğəti” adlı silsilə əsərlərində sovet dövrünün bəsit parçaları ilə nənə-babalarımızın zamanında populyar olan neon lövhələrlə birləşərək nostalji hisslərini ifadə edir. Əsərdə latın qrafikası ilə əvəz olunmuş kiril əlifbasından istifadə edilməsi sovet hökmranlığının və son səksən il ərzində rəsmi olaraq üç dəfə dəyişdirilən Azərbaycan əlifbasının təlatümlü hekayəsini nəql edir.

Nəzrin Məmmədovanın 2014-cü ildə yaratdığı “Altıağac” şəkillər silsiləsində regionun coğrafi xəritəsini müəyyənləşdirən Qafqaz dağlarının füsunkar fotoşəkilləri istifadə olunur. O, dolğun rəngli pleksiqlas seqmentləri üzərinə fotoşəkil çevrələrini yerləşdirərək, Qafqaz sıra dağlarının mədəniyyət simvolizmi ilə regionda sürətlə dəyişən istehlak mədəniyyətinin sıx birləşməsini təsvir edir və beləliklə, əcaib geniş istehlak materiallarının fəndgirliyi haqqında məlumat verir.

2011-ci ildə Aidə Mahmudova tərəfindən təsis edilən “YARAT” təşkilatı Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və inkişafı sahəsində fəaliyyət göstərən, habelə yerli və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin məkanını formalaşdıran qeyri-kommersiya qurumudur.

Bakıda yerləşən bu təşkilat nizamnamə məqsədlərinə sərgilər, təhsil proqramları və festivallar vasitəsilə nail olmağa çalışır. “YARAT” yerli və beynəlxalq rəssamlar şəbəkələri, o cümlədən muzeylər, sərgi salonları və fondlar arasında dialoqun və təcrübə mübadiləsinin təşkili və dəstəklənməsi sahəsində işləyir. Təşkilatın dəstəklədiyi təcrübə əsaslı təqaüd proqramları sayəsində qlobal mədəniyyət dialoqu və əməkdaşlığı üçün əlavə imkanlar açılır.

“YARAT”ın təhsillə bağlı təşəbbüsləri sırasında mühazirələri, seminarları, məşğələləri və gənc istedadların dəstəklənməsi üzrə “ARTIM” proqramını qeyd etmək olar. “ARTIM” layihəsinin əsas məqsədi Azərbaycanın yeni nəslində təmsil olunan gənc istedadları incəsənət sahəsində karyera qurmağa sövq etmək və onların ərsəyə gətirdikləri işləri peşəkar kontekstdə nümayiş etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.