SİYASƏT


Azərbaycanın müasir inkişafı Heydər Əliyevin əbədiyaşar ideyalarına söykənir

Bakı, 11 dekabr, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanın müasir inkişafı Heydər Əliyevin əbədiyaşar ideyalarına söykənir” mövzusunda konfrans keçirilib.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov konfransda çıxış edərək bildirib ki, Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir salnamədir. Parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti sayəsində müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas edən, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Vətən və xalq qarşısında əvəzsiz xidmətlər göstərib. Heydər Əliyev ilk növbədə milli dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoyub. Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem – milli dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaradıb. Ulu Öndər məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi inkişaf yoluna çıxarmağa qadir olduğunu sübuta yetirib. Qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin dahi lideri olan Heydər Əliyev xalqının gələcəyini və Vətəninin taleyini düşünərək özündən sonra siyasi kursunu davam etdirəcək müdrik siyasi liderin yetişdirilməsi qayğısına da qalıb. Ulu Öndərin başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürüb. Xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirərək xalqımızın ən görkəmli şəxsiyyəti kimi tarixdə silinməz iz qoyub. Ulu Öndər özünü azərbaycanlı sayan hər kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə yaşayır və yaşayacaq. Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisini təmin edib.

Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, Akademiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Milli Məclisin deputatları Ağacan Abıyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildiriblər ki,

taleyin və tarixin hökmü ilə iki dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu mürəkkəb və taleyüklü məqamlarda xalqın köməyinə çatıb, ona dayaq olub.

Konfransa yekun vuran İlqar Abbasov ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinin, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiq olunmasının və gələcək nəsillərə çatdırılmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, Ulu Öndərin ölməz ideyaları, xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.