SİYASƏT


Azərbaycanın müdafiə naziri Gürcüstanda şəhid ailələri və icma üzvləri ilə görüşüb

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 21-də Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.

Sonra nazir Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Ağsaqqallar Şurasının rəhbərliyi, eləcə də icma nümayəndələri və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların valideynləri və yaxınları ilə görüşüb. Nazir soydaşlarımıza Prezident, Ali Baş Komandan İlham Əliyevin salamlarını çatdırıb, Azərbaycan dövlətinin onlara daim diqqət və qayğı göstərdiyini bildirib.

Z.Həsənov diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğulları sırasında Gürcüstanda doğulub boya-başa çatan insanlar da var. Onların bir neçəsi orden və medallarla təltif olunub. Soydaşlarımızdan biri - Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Elşən Məmmədov Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülüb.

Nazir medalı şəhidin atası Vaqif Məmmədova təqdim edib. Şəhid atası Azərbaycan dövlətinin, şəxsən Prezident və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini bildirib və oğlu ilə qürur duyduğunu vurğulayıb. O, çıxışını “Vətən sağ olsun” sözləri ilə bitirib.

Z.Həsənov ötən ilin aprel döyüşlərində şəhid olmuş pilot, “Azərbaycan Bayrağı” ordenli, Dmanisi rayonunun Yaqublu kəndindən olan Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə Müdafiə Nazirliyinin xatirə hədiyyəsini verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Qeyd edək ki, Zakir Həsənov Gürcüstana səfəri çərçivəsində mayın 22-də bu ölkənin Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili və müdafiə naziri Levan İzoriya ilə görüşəcək. Mayın 22-də isə Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşlərdə ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, üçtərəfli əməkdaşlığa dair memorandum imzalanacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.