SİYASƏT


Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub

Bakı, 25 sentyabr, AZƏRTAC 

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

x x x

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini, general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə müdafiə naziri Zakir Həsənovun görüşündə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

x x x

Zakir Həsənovun İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə isə regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparılıb.

x x x

Müdafiə naziri Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko və Belarus müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi, general-mayor Sergey Simonenko ilə də görüşüb.

Görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.