SİYASƏT
Azərbaycanın multikulturalizm ənənələrinin Almaniya ictimaiyyətinə çatdırılması mütərəqqi addımdır
Bakı, 23 fevral, AZƏRTAC
Xəbər verildiyi kimi, yanvarın 22-də Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xaricdə ilk filialı fəaliyyətə başlayıb. Filialın müşaviri Ağa Hüseyn Babayevdir. O, 2006-cı ildə Drezdendə Azərbaycan dilinin qorunması, milli mədəni dəyərlərimizin öyrənilməsi, təbliği və gələcək nəslə çatdırılması məqsədilə fəaliyyətə başlayan “Alm.az” Alman-Azərbaycan Cəmiyyətinin yaradıcısı və rəhbəridir. Saksoniyanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan qurum tərəfindən 10 il ərzində Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı çoxsaylı tədbir və layihələr həyata keçirilib.
Bu günlərdə BBMM-in aparıcı məsləhətçisi Sevinc Mürvətqızı Mərkəzin Drezden filialının müşaviri Ağa Hüseyn Babayevlə Azərbaycan multikulturalizmi modelinin Avropada təbliğatının əhəmiyyəti, filialın qarşısında duran vəzifə və perspektivlər barədə söhbətləşib.
Ağa Hüseyn Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin ölkədə tarixən mövcud olan, yaşı əsrlərlə ölçülən mənəvi dəyər və dövlət siyasətində prioritet istiqamət olmasının göstəricisidir. Müasir dövrümüzdə Azərbaycan hökuməti sistemli şəkildə həyata keçirdiyi və dövlət siyasətinin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti nəticəsində qazandığı uğurlarla multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanınır və bir çox dünya dövlətlərinə, o cümlədən Avropaya örnəkdir. Hazırda avropalılar əcnəbilərin, fərqli din və mədəniyyət daşıyıcılarının özlərinin yaşadıqları cəmiyyətə inteqrasiyasından boyun qaçırırlar və buna görə də Avropanın əksər dövlətləri uzun illər apardığı multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edir.
Məhz belə bir dövrdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniyanın Drezden şəhərində ilk filialı açılıb. Almaniyada filialın fəaliyyətə başlaması Azərbaycan multikulturalizmi xətti ilə ölkə həqiqətlərinin Avropaya - indiki halda Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından çox əhəmiyyətli hadisədir. Drezden Azərbaycanın nadir abidəsi olan “Kitabi-Dədə Qorqud”un əlyazmasının da saxlanıldığı şəhərdir. Bu məqsədlə BBMM-in Drezden filialının mərkəz rolunda seçilməsi Azərbaycan multikulturalizmi ənənələrinin Almaniya ictimaiyyətinə çatdırılması baxımından mütərəqqi addımdır. Eyni zamanda, BBMM-in filialının Almaniyada açılması maraqlı hadisədir. Çünki Almaniya multikulturalizm siyasətinin müzakirə olunduğu bir ölkədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada bu tipdə yaradılan ilk qurumdur. İnanırıq ki, gələcəkdə Mərkəzin belə filialları Avropanın başqa ölkələrində də açılacaq.
Almaniyada, Drezdendə vaxtaşırı Azərbaycan multikulturalizminin təbliği, təşviqi ilə bağlı silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi, bununla bağlı yerli mətbuat orqanlarında materialların dərc olunması, bu ölkənin ali tədris ocaqlarında “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, “Azərbaycan multikulturalizmi” kafedralarının yaradılması istiqamətində müvafiq işlərin görülməsi yeni yaradılmış filialın qarşısında duran əsas vəzifələrdəndir.