İQTİSADİYYAT
Azərbaycanın neft-qaz sənayesi işçiləri peşə bayramlarını qeyd ediblər
Bakı, 20 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümü təntənəli mərasimlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycanın neft sənayesini tarixi və inkişafından, o cümlədən də "Şahdəniz" yatağının perspektivlərindən bəhs edən sənədli filmlər nümayiş olunub.
Sonra ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin çoxminli kollektivini Neftçilər günü münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. R.Abdullayev Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanınmasındakı əvəzsiz xidmətlərindən danışıb.
O bildirib ki, "Şahdəniz" yatağından bu günədək 75 milyard kubmetr qaz hasil edilib. Yataqdan 19 milyon ton kondensat hasil olunub.
BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edib və BP-SOCAR əlaqələrinin tarixindən, hazırkı vəziyyətindən, inkişafından bəhs edib.
O bildirib ki, təmsil etdiyi şirkət və konsorsium üzvləri tərəfindən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan dünya bazarına 3 milyard barrel neft ixrac olunub. Q.Birrell gələcəkdə də SOCAR-la əməkdaşlığın genişləndirilməsinə ümidvar olduğunu qeyd edib.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə gətirdiyi uğurlardan danışıb. V.Ələsgərov qeyd edib ki, Azərbaycan bu gün təkcə neft ölkəsi kimi deyil, o cümlədən öz qazı ilə regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək bir ölkə kimi də tanınır.
Milli Məclisin sədr müavini bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ərsəyə gələn “Cənub Qaz Dəhlizi" Xəzərin Azərbaycan sektorundakı qaz yataqlarından hasil olunacaq qazın Avropaya nəqlinə imkan verəcək.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə əlamətdar gün münasibətilə 70 minlik neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən X.Yusifzadə bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.
Sonda SOCAR-ın prezidentinin Fərmanı ilə təltif olunan neftçilərə Fəxri fərmanlar təqdim olunub.