SİYASƏT
Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilir VİDEO
Bakı, 26 iyun (AZƏRTAC, İlahə Əhmədova). Ölkəmizin Qazaxıstandakı səfirliyi tərəfindən “Radisson” otelində Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə təşkil olunan tədbirdə Qazaxıstan parlamentinin və hökumətinin üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları iştirak etmişlər.
Tədbir Azərbaycan və Qazaxıstanın dövlət himnlərinin səslənməsi ilə başlamışdır. Azərbaycanın Qazaxıstandakı səfirliyinin hərbi atteşesi Əmir Nəcəfov çıxış edərək bildirmişdir ki, bu günün təntənə ilə bayram edilməsi müasir Milli Ordumuzun qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmana əsasən, 1918-ci ildə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan edilmişdir. Bununla da tarixi həqiqətin və varislik ənənələrinin bərpası istiqamətində çox önəmli addım atılmışdır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlər və yürütdüyü məqsədyönlü siyasət hazırda Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, eləcə də hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləridir
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ölkəmizin təşəbbüsləri barədə danışan attaşe vurğulamışdır ki, Azərbaycan məsələnin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinə tərəfdardır. Münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqları azad etməyə tam qadirdir.
Qazaxıstan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin birinci müavini Ruslan Alimov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edərək Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq istiqamətində qarşılıqlı səylər öz bəhrəsini verməkdədir.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin inkişafını əks etdirən videofilm nümayiş olunmuş, qonaqlar üçün milli mətbəximizin nümunələrindən ibarət süfrə açılmışdır.