MƏDƏNİYYƏT


Azərbaycanın özü qədər əbədi...

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə, həmçinin “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi sərginin və “Azərbaycan xalqının ümummilli lideri – Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu günlərdə Azərbaycan xalqının tarixi bir günü qeyd etdiyini söyləyib. “Azərbaycan xalqı, dünya azərbaycanlıları bu günlərdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan müxtəlif formatlı tədbirlər keçirir. Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ulu Öndərin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olub. Məhz Prezident İlham Əliyevin möhkəm iradəsi və Müzəffər Azərbaycan Ordusunun iştirakı ilə 30 ilə yaxın sağalmaz yaramız olan – Qarabağımızın düşmən tapdağından azad olunması bir daha sübut edib ki, Ulu Öndər öz seçimində yanılmayıb. Prezident İlham Əliyev Ümummilli Liderimizin başladığı işləri çox böyük uğurla davam etdirərək ona da baş ucalığı gətirib”. Çıxışının sonunda direktor qeyd edib ki, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaq.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Mais Əmrahov çıxış edərək bildirib ki, Ulu Öndər haqqında neçə illər, əsrlər keçsə də, bu böyük şəxsiyyət haqqında çoxsaylı kitablar yazılacaq: “Onun haqqında ən böyük əsər məhz Müstəqil Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev öz biliyi, düşüncə qabiliyyəti, qətiyyəti, güclü iradəsi, təmkini ilə dünya liderləri arasında fərqlənən bir liderdir. Ölkəmizin ağrılı-acılı yarası olan Qarabağımız haqqında çoxsaylı qərarların, prinsiplərin qəbul olunması, Azərbaycanın Milli Strategiyasının formalaşması məhz onun adı ilə bağlıdır”.

Daha sonra M.Əmrahov Ümummilli Liderin Azərbaycan mədəniyyəti, tarixi qarşısında olan xidmətlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili təyin edilməsi, Nəriman Nərimanovun heykəlinin Bakıda ucaldılması, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, eləcə də Yusif Məmmədəliyevin heykəlinin ucaldılması və adının əbədiləşdirilməsi və s. bu kimi işlər bilavasitə onun mütərəqqi xidmətlərinin nəticəsidir.

Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova çıxış edərək Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, onun kitaba və kitabxanaya verdiyi yüksək dəyərdən və xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib.

Qeyd edək ki, tədbir zamanı “Azərbaycan xalqının ümummilli lideri – Heydər Əliyev” adlı elektron məlumat bazası və ulu öndər Heydər Əliyev haqqında film iştirakçılara təqdim olunub.

Sonda iştirakçılar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.