ELM VƏ TƏHSİL
“Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı nəşrə hazırlanıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun alimlərinin birgə səyi ilə “Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı çapa hazırlanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, buraxılışda son 10 ildə qeydə alınmış 28 palçıq vulkanı barədə məlumat verilir. Bildirilir ki, Azərbaycanın 93 palçıq vulkanında son 200 ildə 418 püskürmə qeydə alınıb.
Kataloqda Azərbaycan palçıq vulkanlarının təsnifatı, onların yerləşdiyi ərazilərin geoloji xüsusiyyətləri, püskürmə məhsullarının geokimyası, püskürmələrin səciyyəvi təsviri və s. məlumatlar əksini tapıb.
Qeyd edək ki, Azərbaycanın palçıq vulkanlarının qeydə alınmış püskürmələrinin kiçikhəcmli kataloqu 1974-cü ildə çapdan çıxıb. Palçıq vulkanları və onların qeydə alınmış püskürmələri haqqında 1810-2001-ci illəri əhatə edən kataloq isə 2002-ci ildə işıq üzü görüb. Həmin kataloqun 1810-2007-ci illəri əhatə edən ikinci buraxılışı 2009-cu ildə nəşr olunub.