İDMAN


Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə kişilər 60, 66, 73, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizəyə qoşulublar.

Yarışa səkkizdəbir final mərhələsindən başlayan Namiq Abaslı (66 kq) Gürcüstan təmsilçisi Giorgi Kaldanini məğlub edib. İdmançımız növbəti görüşündə Viktor Rudenkonu (Rusiya) üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ukraynalı David Koravaya qalib gələn N.Abaslı finalda özbəkistanlı Uçqun Kuranbaev ilə qarşılaşıb. Gərgin keçən görüşdə idmançımız məğlub olaraq gümüş medalla kifayətlənib.

Ramil Qasımov (73 kq) isə birinci görüşdə qazaxıstanlı Yerqali Şameyə qalib gəlib. Növbəti qarşılaşmada özbəkistanlı Feruz Sayidovu üstələyən idmançımız dörddəbir finalda Gürcüstan təmsilçisi Baçuki Şelianı məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Rusiya idmançısı Vasili Kutuevə uduzan R.Qasımov bürünc medal uğrunda görüşdə qazaxıstanlı Temirjan Dauleti üstələyərək turnirdə üçüncü olub.

Qadınların yarışında 57 kiloqram çəki dərəcəsində yarışan Sevda Vəliyeva yarışa dörddəbir final mərhələsindən başlayıb. Təmsilçimiz birinci görüşdə rusiyalı İrina Florovanı mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn S.Vəliyeva bu mərhələdə Braziliya paracüdoçusu Lusia Araujonu üstələyərək finala vəsiqə qazanıb. Finalda Özbəkistan idmançısı Parvina Səməndərova məğlub olaraq yarışı ikinci pillədə başa vurub. Bu çəki dərəcəsində dörddəbir final mərhələsində məğlub olan Afaq Sultanov təsəlliverici görüşdə Luidmila Lohatskanı, daha sonra isə L.Araujonu udaraq komandamızın hesabına üçüncü bürünc medalı yazdırıb.

Turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən Şahanə Hacıyeva birinci görüşdə Almaniya təmsilçisi Karmen Brussic, daha sonra isə rusiyalı Viktoriya Potapovaya qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda fransalı Sandrine Aurieres Martinetlə dueldən məğlub ayrılan paracüdoçumuz bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lobar Xurramovanı mübarizədən kənarlaşdıraraq yarışda üçüncü olub.

Bəsti Səfərova (52 kq) səkkizdəbir finalda gürcüstanlı Rusudani Qoqava, dörddəbir final mərhələsində isə çinli Yanqinq Lini məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə Ukrayna təmsilçisi İnna Çerniakla üz-üzə gələn B.Səfərova uduzduğundan bürünc medal uğrunda mübarizə aparmalı olub. Lakin paracüdoçumuz bu mərhələdə rusiyalı Alesia Stepaniuka qalib gələ bilmədiyindən yarışı 5-ci pillədə başa vurub.

Qeyd edək ki, kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Əbdülxanlı (100 kq), İlham Zəkiyev (100 kq-dan yuxarı), qadınlar arasında isə Xanım Hüseynova (63 kq) və Zülfiyyə Hüseynova (70 kq) Qran-Prinin ikinci günündə mübarizəyə başlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.