REGİONLAR
Azərbaycanın prokurorluq orqanları hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədir
Göyçay, 30 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon prokurorluğunun inzibati binasında keçirilən tədbirdə icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, veteran prokurorluq işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yığıncaqda çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə prokurorluq orqanlarının yaranmasından söz açıb, müstəqillik dövründə bu orqanın fəaliyyətində ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışıb.
Diqqətə çatdırılıb ki, prokurorluq orqanlarında bütün sahələri əhatə edən islahatlar aparılmaqla, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, gənclərdən ibarət ixtisaslı kadrların formalaşdırılması, prokurorluq orqanlarının maddi-texniki təminatı və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilib. M.Səlimzadə bildirib ki, Azərbaycanın prokurorluq orqanları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir, hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədirlər.
Tədbirdə çıxış edən Göyçay rayon prokuroru Muxtar Eminov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun prokurorluq işçilərinə ünvanladığı təbrik məktubunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. O, rayonda prokurorluq əməkdaşlarının cinayətkarlığa qarşı apardıqları mübarizə tədbirlərindən söz açıb.
Muxtar Eminov prokurorluq sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda Göyçay Rayon Prokurorluğunda çalışan əməkdaşlara hədiyyələr təqdim olunub.