REGİONLAR


Azərbaycanın prokurorluq orqanları ölkəmizin müstəqilliyinə ləyaqətlə xidmət edir

Xırdalan, 13 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü qeyd edən prokurorluq orqanları çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçib, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərib.

AZƏRTAC xəbər verir ki, bu fikir Abşeron Rayon Prokurorluğunda 100 illik yubileyə həsr olunan tədbirdə səslənib.

Sentyabrın 13-də keçirilən yubiley tədbirində hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, rayon rəhbərliyi, prokurorluğun veteran işçiləri iştirak ediblər.

"Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi" mövzusunda çıxış edən rayon prokurorluğunun əməkdaşı Günay Süleymanova vurğulayıb ki, bu il 100 illiyini qeyd edəcək Azərbaycan prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq qurumunun təsis edilməsindən və məhkəmə orqanları sistemində fəaliyyətə başlamasından hesablanır. Ulu öndər Heydər Əliyev prokurorluğun fəaliyyətini daim yüksək qiymətləndirərək, hər il oktyabr ayının 1-nin Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair sərəncam imzalamaqla, bu əlamətdar tarixi əbədiləşdirib. Onun “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə ləyaqətlə xidmət edir” sözləri həmişə ruh yüksəkliyimizin mənbəyidir.

Rayonun prokurorluq orqanlarının bütün əməkdaşlarını, təqaüddə olan veteranları Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edən Abşeron rayon prokurorunun müavini Nail Əliyev bildirib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Prezident İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əməkhaqları artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.

Sonra prokurorluğun veteran əməkdaşları Munis Abuzərli, Hafiz Məmmədov və Səyyaf Qubadov çıxış edərək, prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.