ELM VƏ TƏHSİL
Azərbaycanın qabaqçıl məktəb direktorları Fransa təcrübəsini öyrənirlər VİDEO
Quba, 1sentyabr , Elxan Yusifli, AZƏRTAC
Avqustun 31-dən etibarən Qubada Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə “Məktəb idarəetməsi” mövzusunda on günlük təlim kursları keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunun İkinci Nügədi kəndində yerləşən Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan təlim kurslarına 40 nəfər məktəb direktoru qatılıb.
Sentyabrın 1-də Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov təlim kurslarının iştirakçıları ilə görüşüblər.
Səfir Paskal Mönye Azərbaycan və Fransa prezidentlərinin son üç ildə 6 dəfə görüşdüklərini diqqətə çatdıraraq, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlığı olduğunu qeyd edib. Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın prioritet istiqamətlərdən olduğu xüsusi vurğulanıb. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Paskal Mönye təhsil sahəsindəki əlaqələrin daha da genişləndirilməsi üçün atılan addımlardan söz açıb. Səfir azərbaycanlı məzunların Fransada təhsil almaları üçün geniş imkanların olduğunu bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təlim kurslarında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə olunmuş məktəb direktorları ilə yanaşı, 2013-2014-cü ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən Sumqayıt şəhəri və digər rayon məktəbləri rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, intensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorlarını qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi ilə tanış etmək, onlarda liderlik potensialının inkişafına nail olmaqdır.
Təlimlərə Paris Sorbonna Universitetinin professoru Florent Pratlong rəhbərlik edir. Bununla yanaşı, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar təşkil olunacaq.
Təlim zamanı iştirakçıların asudə vaxtını səmərəli təşkil etmək üçün yaradıcı ev tapşırıqları veriləcək, intellektual oyunlar və kino axşamları təşkil olunacaq.
Kurslarda iştirak edən məktəb direktorlarına sentyabrın 21-də Fransanın Azərbaycandakı səfirliyində keçiriləcək mərasimdə müvafiq sertifikatlar təqdim ediləcək.