İDMAN


Azərbaycanın qadın voleybolçuları dünya çempionatında Rusiya komandasına uduzub

Tokio, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Azərbaycan millisi Yaponiyada keçirilən qadınlar arasında voleybol üzrə dünya çempionatının ilk qrup mərhələsinin növbəti oyununda Rusiya komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Kobe şəhərində keçirilən görüş Rusiya yığmasının 3:0 (25:21, 25:21, 25:22) hesablı üstünlüyü ilə başa çatıb. Görüşün ən məhsuldar voleybolçusu Azərbaycan millisinin heyətində çıxış edən Polina Rəhimova olub (19 xal). Rusiya komandasının heyətində isə bu göstərici üzrə Nataliya Qonçarova (17 xal) fərqlənib.

Oyunu şərh edən millimizin kapitanı Odina Əliyeva bildirib ki, bu gün öz oyunumuzu oynamağa çalışdıq və yaxşı oyun göstərdik. Təəssüf ki, bu, qələbə üçün kifayət etmədi. Qrupda hələ iki oyunumuz qalıb və çalışacağıq ki, həmin görüşləri qələbə ilə başa vuraq.

Milli komandamızın baş məşqçisinin köməkçisi Famil Ağayev deyib: “Bütünlükdə qarşılaşmanı təhlil etsək, deyə bilərik ki, komandamız yaxşı oyun göstərdi. Birinci setdə hücumçularımız yaxşı oynaya bilmədilər. Lakin tezliklə özlərini ələ almağı və yaxşı oyun göstərməyi bacardılar”.

Bu, “C” qrupunda yer alan milli komandamızın ilk qrup mərhələsində ikinci məğlubiyyətidir. Yığmamız yalnız Koreya Respublikası ilə görüşdə qələbə qazanıb. Baş məşqçi Faiq Qarayevin yetirmələri hazırda üç xalla qrupda dördüncü sıradadırlar. Rusiya isə bu qalibiyyətdən sonra xallarını səkkizə çatdıraraq qrupda liderliyə yüksəlib.

Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo yığması ilə görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:40-da başlayacaq.

“C” qrupunda Azərbaycan, Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları mübarizə aparırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.