REGİONLAR
Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev dühasının bəhrəsidir
Cəlilabad, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon İcra Hakimiyyətində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev dühasının bəhrəsidir. Ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalan, vətəndaş müharibəsi həddində olan Azərbaycanı xilas edərək müstəqillik yoluna çıxarmaqla gələcək güclü dövlət üçün möhkəm bünövrə yaratmaq kimi böyük bir tarixi missiyanı yerinə yetirən dahi şəxsiyyət Heydər Əliyev misilsiz xidmətləri ilə xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb.
Qeyd olunub ki, bütün mənalı həyatını xalqının tərəqqisinə və inkişafına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Çıxış edənlər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işıqlı gələcəyə doğru inamla irəlilədiyini bildiriblər.