REGİONLAR
Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının rolu böyükdür
Masallı, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallıda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının rolu” mövzusuna həsr olunan tədbir iştirakçıları YAP-ın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdıraraq, partiyanın yaranma tarixindən danışıb.
Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edən S.Əliyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, qüdrətli ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər”.
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq Qələbənin, Zəfər Gününün ildönümünə təsadüf edir. Ötən dövrdə Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq böyük və şərəfli yol keçib. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır”.
“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev vurğulayıb ki, Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, öz fəaliyyətini xalqın maraqları zəminində qurub.
Digər çıxış edənlər zəngin, siyasi mübarizələrlə dolu, şanlı tarixi olan YAP-ın fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan gənclərin bir qrupuna üzvlük vəsiqələri təqdim edilib.