CƏMİYYƏT


Azərbaycanın qələbələri fonunda Ermənistan hakimiyyətinin son çırpıntıları

Bakı, 16 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağdakı uğursuzluqları fonunda Ermənistanın baş naziri Nikol Paşinyan “özünüxilasetmə” fəaliyyətlərini davam etdirməkdədir. Bu fəaliyyətlər nədən ibarətdir? İlk növbədə, Paşinyan bu uğursuzluğu başqalarının ayağına yazmağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti mayor Xəyal İsgəndərovun “Azərbaycanın qələbələri fonunda Ermənistan hakimiyyətinin son çırpıntıları” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Döyüş meydanında Ermənistanın Azərbaycana məğlub olacağı qaçılmazdır. İşğal altındakı torpaqlara nəzarəti şimal və cənub istiqamətlərində itirmiş Ermənistan ordusunun hazırda zamana və resurslara ciddi ehtiyacı var, bu da onları atəşkəsə vasitəçilik etmək üçün digər güclərin qapısını döyməyə vadar edir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə oktyabrın 10-da Moskvada 10 saatdan çox davam edən danışıqlardan sonra qəbul edilən atəşkəs razılaşması itirilmiş mövqelər üzərində nəzarəti bərpa etmək üçün Ermənistana resurslarını toplayıb əməliyyatlar keçirməyə imkan yaratdı. Əslində isə bu razılaşma münaqişənin həlli ilə bağlı danışıqlara zəmin hazırlanmasını nəzərdə tuturdu. Lakin oktyabrın 11-də Ermənistan ordusu tərəfindən həyata keçirilən əməliyyatlar, eyni zamanda, Gəncə şəhərinin bombalanması ilə atəşkəs razılaşması öz qüvvəsini itirdi. ABŞ politoloqu, Viskonsin Market Universitetinin professoru Piter Teysə görə, Gəncənin bombalanması 1939-cu ildə Hitler ordusu tərəfindən Varşavanın bombardman edilməsi ilə eyni sırada duran bir hadisədir. Professor Piter Teys Avropa İttifaqı ölkələrini, Avropa Şurası Parlament Assambleyasını, Avropa Şurasını və ABŞ Dövlət Departamentini İrəvanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi terror aktlarının birbaşa təsirləri və geosiyasi nəticələri barədə xəbərdar edərək vurğulayıb: “Ermənistanın həyata keçirdiyi bütün bu amansız hərəkətlər və təxribatlar Azərbaycan Respublikasının otuz ilə yaxın müddətdə erməni işğalı altında olan suveren ərazilərinin hər qarışını azad etməsi üçün daha da güclü səbəbdir”.

Bununla yanaşı, bəzi Qərb ölkələrinin erməni lobbisindən asılı olan və ermənilərin dəstəyini qazanmaq istəyən siyasi xadimləri qeyri-konstruktiv yanaşma və ikili standartlar nümayiş etdirərək, ermənilərə haqq qazandırmaq üçün Türkiyəni günahlandırmağa belə cəhd ediblər. Elə Ermənistanın istədiyi də budur: dünyanı guya Türkiyənin münaqişəyə qarışdığına və onların döyüş sahəsindəki uğursuzluqlarının əsas səbəbi olduğuna inandırmaq. Şübhəsiz ki müəyyən məsələlərdə Türkiyə ilə maraqları toqquşan bəzi ölkələr bunu fürsət bilir və belə nağıla “inanaraq” qərəzli davranış sərgiləyirlər.

Əslində isə reallıq Ermənistan hökumətinin dünya ictimaiyyətinə çatdırmaq istədiklərindən çox uzaqdır. Hər şeydən əvvəl Azərbaycan Ordusu beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində sülhə məcburetmə əməliyyatları aparır. Bu gün Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və konstruktiv mövqeyi, eləcə də Ali Baş Komandanın komandanlığı altında Ordumuzun qələbələri regionda tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Bu dəfə şərtləri qoyan Azərbaycandır və Ermənistan isə gələcək danışıqlarda hər hansı bir şərt irəli sürmək üçün bütün şanslarını itirib. Bunu Prezident İlham Əliyevin müxtəlif nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdə görmək mümkündür. Prezident İlham Əliyevin birmənalı şəkildə dediyi kimi: “Dağlıq Qarabağ bizim qədim və tarixi torpağımızdır və biz mütləq bu torpaqlara qayıdacağıq. Bütün dağılmış tarixi yerləri və evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adları verəcəyik və dəyişdirilən kəndlərə həqiqi adlarını qaytaracağıq. Bunu mütləq edəcəyik, çünki həqiqət bizim tərəfimizdədir. Başqa ölkələrin torpaqlarına iddia qaldırmırıq, ancaq torpaqlarımızı da heç kimə verməyəcəyik”.

Əgər Nikol Paşinyan sentyabrın 27-də müharibə başlayana qədər provokativ siyasət aparırdısa, indi öz hakimiyyətini xilas etmək üçün bütün vasitələrə əl atır. Əvvəlcə Rusiya Prezidentindən atəşkəsə vasitəçilik etməsini xahiş etdi. Əlbəttə, bu müraciət ona yalnız vaxt qazandırmaq üçün idi. Ermənistanın rəhbərliyi səmimi deyildi və toparlanmaq üçün zamana ehtiyac duyurdu. Ancaq bu da işə yaramadı. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi hazırda xarici ölkələrdə yaşayan etnik erməniləri fiziki olaraq Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşməyə cəlb etmək üçün dəridən-qabıqdan çıxır. Niyə fiziki olaraq? Çünki açıq şəkildə aydın olur ki, erməni lobbisi Ermənistan silahlı qüvvələrinə külli miqdarda maliyyə vəsaiti versə də, bu gün Ermənistan ordusu aldığı zərbələrdən ciddi şəkildə dağılıb, sarsılıb. Ona görə də hətta böyük miqdarda ianələr də onları xilas etmək gücünə malik deyil. Çünki döyüşən heyət demək olar ki, tükənib. Buna görə də xaricdən gələn könüllülərin döyüş sahəsindəki fiziki varlığı Ermənistan üçün son dərəcə vacibdir. Xaricdən könüllülərin Dağlıq Qarabağa gətirilməsinin digər bir səbəbi də erməni diasporunun diqqətini münaqişəyə cəlb etməkdir.

Beləliklə, Paşinyan “yazıq” ermənilərə qarşı törədilmiş başqa bir “soyqırımı” obrazı yaratmaq istəyir. Bu obrazı yaratmaq cəhdi uğurlu olmazsa, baş nazir postu ilə qısa müddətdə vidalaşmalı olacaq, ya da onu vaxtilə güllə-baran edilən erməni parlamentarilərinin aqibəti gözləyir. Eyni zamanda, ermənilər Dağlıq Qarabağın itirilməsini Paşinyanın düşüncəsiz siyasəti ilə əlaqələndirəcəklər. İndi Paşinyan üçün iki seçim var: ya müharibədə məğlub olan tərəf kimi danışıqlar masasına oturmaq və Azərbaycanın şərtlərini qəbul etmək, ya da Azərbaycan Ordusu qalan erməni qüvvələrini neytrallaşdırana qədər döyüşməkdə israr etmək. Hər iki variant da Ermənistan hökuməti üçün arzuolunan deyil. Hər halda Paşinyan xarici ölkələrdən “həmvətənləri”ni döyüşlərə cəlb etməklə ikinci varianta üstünlük verəcək və atəşkəs üçün xarici güclərin qapısını döyməyə davam edəcək. Ona görə də xaricdə yaşayan bütün ermənilərə Paşinyanın tələsinə düşməmələri və onun planladığı “soyqırımı”da bir vasitə kimi istifadə olunmamaları tövsiyə edilir.

Bununla yanaşı, Paşinyanın tələm-tələsik generalları mükafatlandırması və onlara növbəti ali hərbi rütbələr verməsi də sırf onun özünü sığortalaması ilə bağlıdır. Belə ki, bir müddət sonra müharibəni uduzmuş Paşinyan hakimiyyətinin nümayəndələri və erməni generallar şübhəsiz ki, məhkəmələrə dəvət olunacaq. Paşinyan həmin məhkəmələrdə üzünə durma ehtimalı olan generalları indidən “yemləməklə” onlara “mən əlimdən gələni etdim, siz də gələcəkdə məni nəzərə alarsınız” fikrini təlqin etməyə çalışır. Əks halda, həmin generallar qoşunları qırğına verən qərarların arxasında sırf Paşinyanın durduğunu tutarlı faktlarla əsaslandıracaq ki, bu da onun xeyrinə olmayacaq.

Beləliklə, istənilən halda Paşinyanın hakimiyyətdə qalması ehtimalı sıfra bərabərdir. Hakimiyyətə yeni gələcək şəxs bütün uğursuzluqların “memarı” kimi Paşinyana Köçəryanın taleyini yaşadacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.