CƏMİYYƏT


Azərbaycanın qərb bölgəsində “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda seminar keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ölkəmizin qərb regionunda fəaliyyət göstərən üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda ikigünlük elmi-praktiki seminar işə başlayıb.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, seminara 60 vəkil, habelə məhkəmə hakimiyyətinin nümayəndələri qatılıb. Tədbir Vəkillər Kollegiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının birgə təşkilatçılığı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasında təşkil olunub.

Tədbirdə Gəncə, Qazax, Tovuz, Tərtər, Goranboy, Bərdə, Samux, Şəmkir, Ağstafa, Göygöl rayonlarında və Mingəçevir şəhərində fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamının əhəmiyyətindən danışıb, vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə fikirlərini bölüşüb. O, GİZ ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlığın önəmini qeyd edib, GİZ tərəfindən keçirilən tədbir və seminarların vəkillər üçün faydasını, o cümlədən bu qurumun Azərbaycanda reallaşdırılan məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulayıb. A.Bağırov son vaxtlar vəkillik etikası kimi mövzuların vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq mühafizə orqanları ilə təması baxımından aktuallığını diqqətə çatdırıb.

Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov belə tədbirlərin region vəkilləri üçün əhəmiyyətini vurğulayıb, vəkillərin peşə etikasına riayət etmələrinin vəkilliyin nüfuzunun artırılmasına təsirindən danışıb.

İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində iştirak edən GİZ-in peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü doktor Rudolf Laudanın mühazirəsi dinlənilib. O, Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçınılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının suallarını cavablandırıb.

Seminarda, həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilib.

Tədbir çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin Gəncə Şəhər İcra Hakimiyyətində görüşünün keçirilməsi də nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.