ELM VƏ TƏHSİL
Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri Gürcüstanda nümayiş etdirilib
Tbilisi, 5 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və “Folklorçular” İctimai Birliyinin (İB) əməkdaşları Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda olublar.
Azərbaycan nümayəndə heyətinin üzvləri iyulun 5-də Bolnisi Mədəniyyət Evində azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Bolnisi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Longinoz Həsənov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev və başqaları çıxış edərək ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, qeyri-hökumət təşkilatları əməkdaşlarının qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında mühüm rol oynadığını bildiriblər.
AMEA-nın Folklor İnstitutunun əməkdaşları Əli Şamil və Sönməz Abbaslı görüşün məqsəd və məramı barədə danışıblar.
“Folklorçular” İB-nin eksperti Vəfa Saleh bildirib ki, təmsil etdiyi qurum “Qeyri-maddi mədəni irsin qorunması və təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsi” adlı layihə reallaşdırır. Layihənin icrasına AMEA-nın Folklor İnstitutunun alimləri də ekspert qismində cəlb olunublar.
Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin, qeyri-maddi irsinin Avropada, eləcə də qonşu Gürcüstanda təbliği məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Səfərin məqsədi də Gürcüstanda Azərbaycan mədəniyyətini, qeyri-maddi irsini təbliğ etməkdir.
Bildirilib ki, Azərbaycanın yeddi qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, bir irs nümunəsi isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Azərbaycanın iki maddi irs nümunəsi – “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi” və "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Sonra videoçarx nümayiş etdirilib. Videofilmdə tamaşaçılara Azərbaycan xalçaları, aşıq sənəti, muğam, Novruz bayramı, tar və onun ifaçılıq sənəti, kəlağayı, Lahıc misgərlik sənəti, çovqan oyunu və s. barədə ətraflı məlumat verilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi