CƏMİYYƏT


Azərbaycanın qida məhsullarının Çinə ixracı ilə bağlı məsələlər müzakirə olunub

Bakı, 18 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində Çində qida sahəsində fəaliyyət göstərən sahibkarlardan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Görüşdə Azərbaycanda istehsal edilən məhsulların Çinə ixracı ilə bağlı görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, 2022-ci ildə və bu ilin ötən dövründə ölkəmizdən Çinə əsasən şokolad, meyvə şirələri, alkoqollu içkilər və digər məhsullar ixrac olunub.

Həmçinin Agentliyin Aparat rəhbəri Elxan Mikayılov ilə Azərbaycanda istehsal olunan toyuq məhsullarının, eləcə də balıq kürüsü, bal, zəfəran, nar və quru meyvələrin Çinə ixracı imkanları müzakirə edilib. Ölkəmizdən toyuq məhsullarının Çinə ixrac edilməsi ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması sahəsində görülən işlər nəzərdən keçirilib. Toyuq məhsullarının ixracının təmin olunmasına və narın fitosanitar risk analizinə dair sənədlərin Çinə göndərildiyi bildirilib.

Görüş zamanı iki ölkə arasında qida sahəsində əməkdaşlığın genişləndirilməsi, qida məhsullarının, habelə baytarlıq və fitosanitar nəzarət altında olan məhsulların idxal-ixracının artırılması imkanlarının mövcud olduğu qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.