İQTİSADİYYAT
Azərbaycanın qiymətli kağızlar bazarında investisiyalar üçün əlverişli şərait mövcuddur
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə işləri üzrə vitse-prezidenti Manfred Şepers ilə görüş keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə QKDK sədrinin müavini İlqar Muradov “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının hədəf və məqsədlərindən danışaraq, AYİB ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin qiymətli kağızlar bazarında yeni imkanların yaradacağına əminliyini bildirmişdir.
Manfred Şepers Azərbaycanın qiymətli kağızlar bazarında investisiyalar üçün əlverişli şəraitin mövcud olduğunu və səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etmişdir.
Görüşün sonunda birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.