ELM VƏ TƏHSİL
Azərbaycanın qiymətli sərvəti olan bitki genetik ehtiyatları etibarlı əllərdədir AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda elmi-texniki şuranın ilk iclası keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda Azərbaycanda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan elmi-texniki şuranın (ETŞ) ilk iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda ETŞ-nin sədri, Genetik Ehtiyatlar İnstitutunun direktoru, kənd təsərrüfatı elmləri doktoru Zeynal Əkpərov son illərdə ölkədə müvafiq sahələrdə akademik Cəlal Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədqiqat fəaliyyətindən və təşkilati tədbirlərdən danışmışdır. Azərbaycanın, bir sıra sahələrdə olduğu kimi, bitki genetik müxtəlifliyinə istiqamətlənmiş qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də Avrasiya məkanında öncül mövqedə olmasını xüsusi qeyd etmişdir. Qeyd etmişdir ki, Azərbaycanda yerli qiymətli bitki müxtəlifliyinin elmi, ərzaq, estetik, ekoloji, təlim və təhsil, tarixi, regional dəyərə malik milli sərvət kimi dərk olunmasının dövlətin ekoloji siyasətinin özəyi olması məmnunluq doğurur.
İclasda şura üzvləri Prezident İlham Əliyevin Azərbaycanda bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə göstərdiyi diqqət və qayğısından söhbət açmışlar. Çıxış edənlər 2012-ci il ərzində qəbul edilmiş çoxsaylı sənədlərin, əsasnamələrin və icra mexanizmlərinin bitki genetik ehtiyatlarının idarə olunmasında və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində yüksək əhəmiyyətini qeyd etmiş, ETŞ-nin üzərinə qoyulmuş vəzifələrin icrası üçün bütün qüvvələri səfərbər edəcəklərini bildirmişlər.
İclasda Genetik Ehtiyatlar İnstitutunun struktur vahidi olan Milli Genbanka xüsusi qorunma statusunun verilməsi də razılıqla qarşılanmışdır.
Tədbirdə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, genetik modifikasiya olunmuş bitkilərin idxalının və yayılmasının aşkarlanması, onlardan törəyə biləcək təhlükələrin tədqiqi, kolleksiya siyasəti, institutların və kolleksiyaların maddi-texniki bazalarının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr hazırlığı və s. problemlərlə bağlı geniş fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.
ETŞ “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə Dövlət Proqramı”nın (Milli Proqram) ən qısa zamanda hazırlanaraq dövlətimizin başçısına təqdim olunması üçün qərar qəbul etmişdir.
İclasda, həmçinin mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan “ixtisaslaşdırılmış ekspert şuraları” və “prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları”nın formalaşdırılması həyata keçirilmişdir.