SİYASƏT
Azərbaycanın regionları ilə Yaponiyanın Mie prefekturası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Tokio, 14 sentyabr, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Mie prefekturasının qubernatoru Eykey Suzukinin görüşü zamanı regionlararası əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, qubernatora prefekturaya səfər dəvətə görə minnətdarlığını bildirən G.İsmayılzadə Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasət, iqtisadi vəziyyət, ölkəmizdə aparılan geniş islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat verib.
G.İsmayılzadə Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcud olduğunu xatırladıb. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin artırılmasının zəruriliyini vurğulayıb. Ölkələrimizin regionları arasında əməkdaşlığın münasibətlərimizin genişlənməsinə xüsusi töhfələr verdiyini qeyd edib.
Mie prefekturasına səfərə və verilən məlumatlara görə minnətdarlığını bildirən qubernator E.Suzuki 2019-cu ilin oktyabrında Yaponiyanın “HIS Co. Ltd” şirkəti ilə Mie prefekturası arasında strateji əməkdaşlıq barədə müqavilənin imzalandığını xatırladıb. Mie prefekturasında istehsal edilən bir sıra ərzaq məhsullarının Azərbaycanda emal edilərək dünya bazarlarına ixrac edilməsinin iki dost ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə qeyri-enerji sektorunda əməkdaşlığın genişləndirilməsində məhz Mie prefekturasının iştirakının sevindirici hal olduğunu vurğulayan E.Suzuki, həmin layihənin daha geniş sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində G.İsmayılzadə Mie prefekturasında yaşıl çay plantasiyaları və bu məhsulun emal olunduğu müəssisələrlə tanış olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio