SİYASƏT


Azərbaycanın şanlı Zəfərinin yaratdığı reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir VİDEO

Tehran, 7 noyabr, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın şanlı Qələbəsini və işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə uzun zaman Ermənistanın təcavüz və işğalından əziyyət çəkmiş ölkəmiz üçün Zəfər gününün ildönümünün qeyd olunmasını çox sevincli və əlamətdar hadisə olduğunu bildirib. Səfir Azərbaycanın 30 ilə yaxın məruz qaldığı təcavüzün acı həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını, məsələnin BMT-nin qətnamələri və beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışdığını, lakin qətnamələrin icrasını təmin etmək üçün Ermənistana qarşı heç bir beynəlxalq sanksiya tətbiq edilmədiyini diqqətə çatdırıb. Bildirib ki, dünya ictimaiyyəti tərəfindən Ermənistana hərbi təcavüzə son qoyması ilə bağlı qətiyyətli addımlar atılmayıb. Ermənistan özü də münaqişənin həlli istiqamətində hər hansı müsbət addım atmaqda maraqlı olmayıb və yekunda təxribat xarakterli addımları və bəyanatları ilə danışıqlara son qoyub. 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı başladılan irimiqyaslı hərbi hücumun qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı.

Səfir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi Ermənistanın təslim aktına imza atmağa məcbur edilib. Azərbaycanın şanlı Qələbəsini ədalətin və beynəlxalq hüququn zəfəri kimi qiymətləndirən Əli Əlizadə ölkəmizin münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı apardığı səylərindən danışıb. Ölkəmizin Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərindən, yatırılan investisiyalardan da söhbət açan səfir şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurğulayaraq, tarixi Qələbə Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Elvin Qasımov 44 günlük Vətən müharibəsi və rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşa əməliyyatı haqqında iştirakçılara məlumat verib.

Hərbi attaşe, həmçinin Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissənin də işğaldan azad olunmasının 2-ci ilinin tamam olduğunu diqqətə çatdırıb və Azərbaycan Respublikası Prezidentinin bu münasibətlə təbrik mesajını xatırladıb. Elvin Qasımov bu hadisənin ölkələrimiz arasında xüsusi önəmini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri şanlı Zəfərinin yaratdığı yeni reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Azərbaycan Silahlı Qüvvələri zəngin döyüş təcrübəsi, yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağa daim hazırdır.

Rəsmi qəbul bədii hissə ilə davam edib. Qonaqlar, həmçinin Vətən müharibəsinə və Zəfər Gününə dair təşkil olunan fotosərgi ilə də tanış olublar.

Tədbirdə İran Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, dövlət qurumlarının rəsmi şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi və müavinləri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.