MƏDƏNİYYƏT
Azərbaycanın sədrliyi ilə yaradılmış işçi qrupunun hazırladığı Turizm Etikası üzrə Konvensiya BMDTT-nin Baş Assambleyasında təsdiq edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının 22-ci sessiyası Çinin Çenqdu şəhərində davam edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyası çərçivəsində sentyabrın 15-də keçirilən növbəti tədbirdə DTT-nin Turizm Etikası üzrə Konvensiyasının yekun variantının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Qeyd edirik ki, Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış işçi qrupuna, eləcə də sözügedən Konvensiyanın razılaşdırılması və BMDTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq edilməsi üçün yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sədrlik edib.
Bununla bağlı, sessiya çərçivəsində işçi qrupunun sədri qismində çıxış edən N.Səmədov Turizm Etikası üzrə Konvensiyanın turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirdiyini xatırlatmış və üzv ölkələri bu mühüm sənədin təsdiq edilməsinə dəstək verməyə çağırıb.
BMÜTT-nin baş katibi Taleb Rifai Azərbaycan nümayəndəsinin bu çıxışını dəstəkləyib və sözügedən Konvensiyanın hazırlanmasında Azərbaycanın böyük payının olduğunu vurğulayıb. Səsvermə zamanı Azərbaycan daxil olmaqla, 51 ölkə sənədin mətninin qəbul olunmasını dəstəkləyib. Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti də çıxış edərək ölkələrin beynəlxalq hüquqi prinsiplərə hörmət etməsinin vacibliyini vurğulayıb və bu baxımdan Konvensiyanın təsdiqinin zəruri olduğunu qeyd edib.
Bununla da, üzv ölkələrin yekdil razılığı ilə Turizm Etikası üzrə Konvensiya BMDTT-nin Baş Assambleyasının 22-ci sessiyasında təsdiq edilib.
Məlumat üçün qeyd edirik ki, 1999-cu ildə təsdiq edilmiş “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış Turizm Etikası üzrə Konvensiya BMDTT-nin ilk Konvensiya sənədi olacaqdır. Bununla da, Azərbaycan turizm sahəsində təsdiq edilən ilk Konvensiya öz töhfəsini verib.