Azərbaycanın səfiri Peru telekanalına geniş müsahibə verib
AzerTAg.az
Bakı, 25 may, AZƏRTAC
Ölkəmizin Perudakı səfiri Məmməd Talıbov həmin ölkənin nüfuzlu “ATV” telekanalının tanınmış teleaparıcısı Xuan Karlos Qambininin qonağı olub, canlı yayımda geniş müsahibə verib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müsahibə zamanı ölkəmizin zəngin dövlətçilik tarixinə nəzər salınıb, müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ideyalarının mütərəqqi formada inkişafındakı roluna toxunulub. Müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi siyasi, iqtisadi və sosial çətinliklərə, erməni işğalının ağır nəticələrinə baxmayaraq, müasir Azərbaycan tarixinin banisi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində yeni parlaq səhifə açıldığı və ölkəmizin inkişaf və yüksəliş mərhələsinə qədəm qoyduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin siyasi iradəsi, uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycan regionun ən aparıcı qüvvələrindən birinə çevrilib, Azərbaycanın təşəbbüsü və liderliyi ilə bir çox qlobal, tarixi layihələr həyata keçirilir. Ölkəmizin regionun mühüm nəqliyyat və logistika habı kimi rolu günbəgün artmaqdadır. Heydər Əliyev zəkası və vizyonunun bu gün də özünü doğrultduğu və Azərbaycanın regionun geosiyasi, nəqliyyat və energetika xəritəsini dəyişdiyi vurğulanıb.
Eyni zamanda, səfir keçmiş münaqişə ilə bağlı Perunun tutduğu ədalətli mövqeyi Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirib, postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə məlumat verib.
Səfir müsahibəsində, həmçinin Azərbaycan-Peru münasibətlərinin inkişaf perspektivlərini qiymətləndirib, ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın mövcud olduğunu vurğulayıb. Perunun ölkəmizin Latın Amerikasındakı mühüm tərəfdaşlarından biri hesab oldunduğunu bildirən diplomat, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb, Peru şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərində iştirak imkanlarına baxılmasını təklif edib.
Sonda bu il ölkəmizdə və onun hüdudlarından kənarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 105-ci ildönümünün təntənəli şəkildə qeyd olunduğu, bu münasibətlə sonrakı günlərdə də Peruda, o cümlədən Peru Konqresində bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.


Xəbərin mətnində orfoqrafik səhv var