MƏDƏNİYYƏT
“Azərbaycanın səsi” müsabiqəsinin qalibi ölkəmizi “Türkvision-2014”də təmsil edəcək
Bakı, 26 avqust (AZƏRTAC). “Azərbaycanın səsi” mahnı müsabiqəsinin qalibi ölkəmizi türkdilli ölkələrin II Beynəlxalq “Türkvision-2014” televiziya mahnı müsabiqəsində təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 26-da keçirilən mətbuat konfransında məlumat verilib.
Konfransda yarışmanın layihə rəhbəri və münsiflər heyətinin üzvləri iştirak ediblər.
Bildirilib ki, “Azərbaycanın səsi” mahnı müsabiqəsi may ayından ATV kanalında yayımlanır və hazırda davam edir. Bu mətbuat konfransı bir növ müsabiqənin hesabatı kimi qiymətləndirilə bilər. Tamaşaçı kütləsi cəlb edən yarışmanın məqsədi istedadlı gəncləri üzə çıxarmaq və onlara dəstək olmaqdır.
Diqqətə çatdırılıb ki, seçim müsabiqəsinin 18 sentyabr Milli Musiqi gününədək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 20-dək ölkədən iştirakçıların qatılacaqları “Türkvision-2014” mahnı müsabiqəsi cari ilin noyabr ayında Kazanda keçiriləcək.
Xatırladaq ki, türk xalqları mədəniyyətini özündə cəmləşdirən “Türkvision” mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Əskişəhərdə keçirilib və qalibi də Azərbaycan təmsilçisi Fərid Həsənov olub.