CƏMİYYƏT
Azərbaycanın su sektoru üzrə milli siyasi dialoqunun rəhbər komitəsinin 7-ci görüşü keçirilir
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Bakıda Azərbaycanın su sektoru üzrə milli siyasi dialoqunun rəhbər komitəsinin 7-ci görüşü işə başlayıb.
AZƏRTAC xəbər verir ki, görüşdə bir sıra beynəlxalq və yerli qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov görüşün məqsədinin milli su siyasəti ilə bağlı əsas məsələlərin və Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün Su Təşəbbüsü plyus (AİST +) layihəsi çərçivəsində həyata keçirilən cari fəaliyyətin statusunu müzakirə etmək olduğunu deyib. Bildirilib ki, görüş həm də Azərbaycanda icra olunan digər beynəlxalq layihələrlə birgə fəaliyyəti gücləndirmək üçün platforma olacaq. Nazirlik nümayəndəsi Azərbaycanda su siyasəti sahəsində aparılan son dəyişikliklər, layihə çərçivəsində həyata keçirilən cari fəaliyyətin statusunun və milli su siyasəti dialoqunun hazırkı vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılacağını, ekspertlərin rəylərinin alınacağını, o cümlədən keçiriləcək tədbirlər haqqında məlumat veriləcəyini diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ülviyyə Abdullayeva, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının rəsmisi Alişer Məmmədzhanov, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndəsi Tatyana Efimova və Avropa İttifaqı Üzv Ölkələrinin Konsortiumunun nümayəndəsi və layihə rəhbəri Mixail Şutter layihənin əhəmiyyətindən və görülən işlərdən danışıblar. Bildirilib ki, ətraf mühit və onun komponentlərinin qorunmasına həsr olunan daha iki layihə öz icrasını gözləyir.
Çıxışlar zamanı oktyabrın 9-da Lüksemburqda ekologiya nazirlərinin iştirakı ilə beynəlxalq tədbirin keçiriləcəyi də diqqətə çatdırılıb. Azərbaycanın su islahatı siyasətini yüksək qiymətləndirən qonaqlar təşəbbüsü dəstəklədiklərini və əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Sonra görüşün gündəliyi qəbul edilib.
Tədbir ayrı-ayrı sessiyalarda işini davam etdirib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.